Xəyali millət olaraq İran milli kimliyinin quraşdırılması


Qərb İranı qavrayır

İranın avropalılar tərəfindən rəsmi öyrənilməyə başlanması XVIII yüzilliyin sonundakı iki hadisəyə bağlana bilər: birincisi, Hind-Avropa dil ailəsinin kəşfi; ikincisi, Asiyanın hissələri üstündə Fransa və İngiltərə arasında qaçılmaz rəqabət. O zaman İngiltərə Hindistanı əlində saxlayırdı; və Fransanın I Napoleonu həm Hindistan, həm də onun bilavasitə qərbindəki bölgə olan İranla maraqlanmağa başladı. İran heç vaxt formal müstəmləkəyə çevrilməsə də, imperial güclərin maraq bölgülərini qurduğu kəsişməyə çevrildi. (Cons və Şlegeldən başqa) Y. K. Adelunq, Y. Qrimm, M. Müller və F. Bopp tərəfindən aryan və ya Hind-Avropa hipotezinin Avropa formulə edilişi əsas diqqəti, ilk növbədə Avropanın havadarı olduğu, Hind-Avropa dil ailəsinin işlənməsi üzərində cəmləşdirdi. Dil laboratoriyasının bir hissəsi olan Hindistan və İran təcrid olunmuş və bu cür irqi qənaətlərdən xəbərsiz idilər. Bununla belə, bu filoloji sxem əsasında samilər tanımlanmış və dil baxımından Hind-İran ailəsindən ayırd edilmişdilər. Müxtəlif səbəblərdən İran dünyası da Hind dünyasından ayrıldı. Bu cür güclü milli və irqi yanaşmanın bəhanəsi sözləri incələmək və onların oxşarlıqlarını izləmək idi. Sonrakı nəsil şərqiyyat araşdırmalarında Avesta, Midiya (bir neçə söz), əski fars (400 söz), orta fars, soğd və parf dilləri, Hind və Avropa dilləri ilə yanaşı, aryan hipotezi üçün qaynaq olaraq istifadə edilən “İran” dilləri arasında yer almışdır. Alimlər, filologiya texnikaları və bilikləri ilə birlikdə, antik dövr araşdırmalarından istifadə edərək sivilizasiyaları dil kateqoriyalarına görə təsnif etdilər və kodlaşdırdılar. Bu tendensiya səbəbilə, İran sivilizasiyası antik çağlardan başlayaraq, ümumən sami olaraq təsnif edilən Mesopotamiya, Misir, ərəb və digər regional sivilizasiyalardan ayrıldı. Filologiya, irq haqqında nəzəriyyə qurmaq və Şərqin mürəkkəb tarixi toxumasını dar milli kontekstlərə çözələmək üçün əsas kimi istifadə olunurdu. Beləcə, Avropadakı hər orientalist karyerasına filoloq kimi başlayırdı. Linqvistik mülahizələr, on doqquzuncu və iyirminci yüzilliklər boyunca daha millətçi və irqçi alimlərin meydana çıxdığı sistematik orientalist diskursda hökmranlıq edirdi.

Bəzi avropalı alimlərə görə, iranlıların mənsub olduğu güman edilən aryan irqinə, sami xalqı ilə müqayisədə daha üstün keyfiyyətlərə malik olmağı ətf olunurdu. Mürəkkəb tarixi prosesin nəticəsini təmsil edən müxtəlif dövrlərdəki bir çox topluluqların qədim sivilizasiyaları və tarixi nailiyyətləri qəti surətdə iranlı və xüsusilə də aryanların fəziləti olaraq dəyərləndirilirdi (məsələn, C. Roulinson və A. de Qobino tərəfindən). İronik şəkildə, Hindistan və İranın Avropanın tarixi aryan müqabilləri kimi belə mədh edilməsi, təəccüblü deyil ki, müstəmləkəçilik tərəfdarları tərəfindən yenə də Avropanın nəfinə hücuma məruz qaldı. Beləliklə, Əmin öz “Avrosentrizm”ində irqçi təzadın sami Şərqi ilə Avropa arasında deyil, Avropa ilə qeyri-avropalılar arasında olduğuna işarə etməkdə haqlıdır. Hindistan istila edilərkən Hind-Avropa dil ailəsinin təməli yaddan çıxarıldı. Avropalıların Asiyanın dırnaqarası aryanları – hind-iranlılarla – irqi yaxınlığı onların müstəmləkəçilik məqsədi ilə açıq şəkildə uyumsuz idi. Müstəmləkəçiliyin üstünlükləri akademik məhdudiyyətlərlə əngəllənə bilməyəcək qədər sərfəli idi. Sonrakı dövrlərdə Şərq xalqlarının şübhəsi və məyusluğu, bəlkə də, Qərbin humanist idealizmi ilə onun dirənə bilməyən hər kəsi talamaq istəyi arasındakı ziddiyyətdə tapıla bilər. Qərb çox vaxt öz sivilizasiyasının bütün elementlərini ardıcıl və balanslaşdırılmış tətbiqdə birləşdirməkdə müvəffəqiyyətsizliyə uğramışdır.

Bütövlükdə orientalizmin, xüsusən də iranologiyanın əsası olaraq filologiya məsələsinə qayıdası olsaq, millətçiliyin Avropa təkamülündə dil anlayışının önəmli olduğunu xatırlatmaq gərəkdir. Filoloqların təsnif etdiyi şəkli ilə, İran dilləri İran tarixinin və digər geniş mövzuların milli kontekstdə öyrənilməsinin də əsasına çevrildi. Filologiya, arxeologiya və digər mikro-araşdırmaların hüdudlarını aşan bu millətçi təşəbbüsün yaxşıca gizlədilmiş öz siyasi gündəmi vardı.

İlk orientalistlərin millətçi dünyagörüşü sonrakı nəsil alimlərə, eləcə də, – heç biri konkret şəkildə təsis edilməsə də, – iyirminci yüzillikdə İrandakı mərkəzləşdirilmiş dövlət aparatına və İran əhalisinin xəlqi şüuruna təsir göstərmişdir. Millətçi orientalizmin məqsədlərinə qismən, Aryana və ya Arya ilə sinonim olduğu düşünülən İran adının milli bir ad kimi istifadə edilməsi ilə nail olunmuşdu. Burada biz yalnız irqçi etiqadların dərin nüfuzunu deyil, həm də (Avropa standartlarına uyğun) irq və millət anlayışlarının bir-birinə necə müvəffəqiyyətlə uyğunlaşdığını müşahidə edirik.

Əziyyətli filoloji və arxeoloji tədqiqatlara əsaslanan İran üçün milli tarix qurğusunu təhqiq etmək üçün tarixi sənədlərin təfsirindəki çatışmazlıqları, mübahisəliliyi və təşəxxüslü saymazlığı nümayiş etdirməkdən ötrü bir neçə addım atmalıyıq; üstəlik, biz yer adı olaraq İran terminin və İran milli şüuru anlayışının bir çox millətçi orientalistlərin təsvir etməyə çalışdığı tərzdə tarixi bağı olmayan, iyirminci əsr ideyalarının yan məhsulları olduğunu nümayiş etdirməliyik. Bununla bərabər, ilk növbədə İran termininin təkamülünü həm şərqiyatçıların əsərlərinə, həm də Şərq tarixi sənədlərinə (ərəb-fars-islam qaynaqlarına) əsasən incələmək üçün zəmin yaratmağa çalışmalıyıq.

 

İranın millətçi kontekstdə konseptuallaşdırılması

İlkin olaraq coğrafi bölgənin adı olan İran və onun tanımlayıcısı, iranlı, tədricən həm orientalistlərin, həm də millətçi mütəfəkkirlərin əsərlərində vahid bir xalqı, dil ailəsini, bir mədəniyyəti və nəhayətdə, görünüşdə antik çağlardan bəri əbədi sürən xəyali bir xalqı təmsil edən geniş bir kateqoriyanı təmsil etməyə başladı – olduqca ixtiyari və müğayir bir yanaşmadır. Bu cür yanaşma, Avropanın antik çağların dil və mədəniyyətlərini tədqiqinə və İran üçün milli bir tarix tasarlamanın yolu olaraq bunları bir-birinə bağlamasına əsaslanırdı. Elmi metodologiyasının sağlamlığına olan inancla dəstəklənən irqi və linqvistik nəzəriyyələr və kəskin şəkildə uyumsuz milli siyasi fəlsəfələr Avropanı asimmetriya və özünə dünyanın qalan hissəsindən fərqli bir obraz yaratmağa gətirib çıxardı. Avropa orientalizmi, onları diqqətlə incələməkdən ötrü, bütün tarixi sənədlərin qalıqlarının izinə düşdü, sonra bunu planlaşdırılan irqi və millətçi ideyalar çərçivəsində həyata keçirdi. İranın tədqiqi də eyni prinsiplər sisteminə tabe idi. İrqçilik və millətçilik Əhəmənilər dönəmindən (e.ə. 550-ci il) müasir dövrlərə qədər İran millətini inşa edən aryanların şöhrətini ucaltdı. İslamöncəsi mədəni irs, irq və dil on doqquzuncu əsrin elmində iranlılıq duyğusunu və onun tarixdəki qalıcılığını qəbul etdirmək üçün yenidən canlandırılmışdı. İran, islamöncəsi və islami dönəmlərdə bir millət olaraq var olubmu? Orientalistlərin cavabı, anaxronist olmasına baxmayaraq, təsdiqedici olmuşdur. İran adının eramızın üçüncü yüzilliyindən başlayaraq Hindistan və ərəb torpaqları arasındakı bir ərazinin coğrafi bəlləməsi üçün istifadə edildiyi doğrudur, lakin bu, yanlış olaraq, həmin bölgədə homogen bir İran millətinin və xalqının mövcudluğunun sübutu sanılmamalıdır. Belə bir konsepsiya, islamöncəsi İran və islami dönəmin millətçi tarixşünaslığının çoxu üçün ilk növbədə linqvistik-irqi mənada tasarlanmışdır. Bu iki mərhələ, orientalistlərin özləri, ərəb-fars islam qaynaqları və mövzu predmetinin mürəkkəbliyi arasındakı təkrarlanan uyğunsuzluqlar qarşısında ana axım orientalizmin irq və millət haqqında qatı qərəzli fikirlərini nümayiş etdirmək üçün bu və sonrakı fəsillərdə gözdən keçirilmişdir. Buna baxmayaraq, iyirminci yüzillikdə Asiya/İran millətçiliyi, Avropa müstəmləkəçiliyinin və digər yerli faktorların bir yan məhsulu olaraq, İranın milli tarixinin orientalistlər tərəfindən quraşdırılmış versiyasını cəsarətlə millətçi ideologiyaya bir özül olaraq daxil etdi.

İran adının təşəkkülünə dair orientalistlərin filoloji və irqi tapıntılarını incələməzdən öncə, iyirminci yüzilliyin başlarınadək qərblilər tərəfindən, bir qayda olaraq, İranın sinonimi kimi istifadə edilən “Persia” ilə İran arasında fərq qoymalıyıq. Bunu edərkən biz, həm terminin elm dünyasında “Persia”dan İrana dəyişilməsinin izini sürəcək, həm də “Persia” və ya “persian”ın yanıldıcı və təsdiqlənməmiş tətbiqini və onun dil, xalq, mədəniyyət və torpaq üçün İraniranlı ilə münaqişəsini təcrid edəcəyik.

 

“Persia” ya İran

Ümumən, İranın monarxı olaraq Rza şah (1921-1941), “Persia” əvəzinə “İran”ın istifadə edilməsini tələb edənə qədər “Persia”, Qərb və nəhayətində, bütün beynəlxalq ictimaiyyət tərəfindən bu torpaqların adı kimi istifadə edilmişdir. Faktiki olaraq, Rza şah, “İran” yerinə “Persia”ya ünvanlanan istənilən poçtun göndəriciyə geri qaytarılacağını açıqca bildirmişdi. Avropalılar, “Persia” adı ilə şübhəsiz ki, klassik yunan qaynaqlarında, xüsusən Böyük İsgəndərin dövründən etibarən, yunanların farslarla qarşılaşma tarixlərində Persisə (və ya Persepolisə) edilən istinadlardan tanış olmuşlar. Bibliyada (Daniyal və Ezra kitablarında) da Pars və ya “Persia”dan bəhs edilir. Ya da, ola bilsin, Avropa dünyasına Parfiya olaraq bilinən “Persia” daxilindəki geniş torpaqlar “Persia”nın qaynağı olub. İslami dövrdə bir çox tarixi/coğrafi qaynaqların bu torpaqlardan “Fars” (Pars) olaraq bəhs etdiyini bilirik; klassik yunanların “Persis”i işlətməsinin Avropanın coğrafi biliklərində daha sonrakı dövrlərdə bəllənmiş ola biləcəyinə baxmayaraq, bu termin orta əsrlərdə islami kitabları latıncaya çevirən avropalılar tərəfindən “Persia” və ya “Perse”yə döndərilmişdir.

Müasir elm Parsın indiki adını Əhəmənilər dönəmindəki Parsa ilə əlaqələndirməyə çalışmışdır. Belə bir iddia, görünür, Müstövfinin “Nüzhət əl-qülub”da ifadə etdiyi fikrə və ola bilsin, Parsın qədim padşahların zəmini olaraq daha öncəki digər təsvirlərə əsaslanır. Bununla belə, “Persia” sözünün Qərbdəki istifadəsinin qaynağı kimi “Parsa” və ya “Pars”ın işlədilməsi, “Fars”ın etimoloji olaraq əski zamanlardakı “Parsa”dan necə törədildiyini açıqlanmasız qoymaqdadır. “Fars” adının təkamülü ənənəvi olaraq əlavə arqumentlər olmadan təbii qəbul edilmişdir. Ancaq bir mədəniyyətdən və ya dildən digərinə filoloji keçidi başa düşmək istəyiriksə, alimlərin müzakirə etməsi gərəkdir. Başqa bir bəlirsiz konsepsiya, – heç də hökmən geniş bir ərazinin və ya ana yaylanın adı kimi deyil, yalnız qədim monarxların iqamətgahı və ya paytaxtı üçün istifadə edilə biləcəyini nəzərə alsaq, – “Parsa” və ya “Fars”ın tarixi tətbiqidir. Sasanilər dönəmində (b.e. üçüncü yüzilliyi) islami coğrafi qaynaqlara görə, “İranşəhr” termini Farsa deyil, geniş torpaqlara şamil edilmişdir. Beləliklə, avropalıların niyə “İran” və ya “İranşəhr”dən deyil, davamlı olaraq “Persia”dan istifadə etdikləri sual olaraq qalır. Avropalıların orta əsrlərdən sonra Şərqə axını, get-gedə onları yalnız ənənəvi bilgiyə malik olduqları bir çox tarixi dəyişikliklərdən xəbərdar etdi. Məsələn, Jan Batist Tavernye və ser Con Şardənin (hər ikisi XVII əsr Avropa səyyahıdır) səyahətnamələrində, önəmsiz bir şəkildə də olsa, – çünki, onlar bu yeri yalnız “Perse” və ya “Persia” adı ilə tanıyırdılar, – “İran” adına istinad edilir. XVIII əsrin sonlarında “İran” termini, Sasani kitabələrini oxuması nəticəsində, Silvestr de Sasi tərəfindən elmi tərzdə işlənir. Tədricən, on doqquzuncu yüzillikdən sonra, “İran” termini, bəzən qeyri-dəqiq də olsa, “Persia” ilə bir-birini əvəzləyən şəkildə işlənməyə başladı və beləliklə, İranın “Persia”nın içində olduğu və ya “Persia”nın İranın içində olduğu ya da “Persia”nın aryanların şərəfinə adlandırıldığı və s. təəssüratını yaratmaqla çaşqınlığa səbəb oldu. Məhz onda, Avropanın intellektual çevrələrinə tanıdıldıqdan sonra, əminliklə “İran”ın qədim zamanlardan bəri bu torpaqların adı olduğunu düşünmək olardı, bunu XIX əsrdə C. Malkolmun bəyanının təsdiqlədiyi kimi: “İran ən əski zamanlardan bugünədək farsların öz ölkələrini adlandırdıqları termin olmuşdur”. Lakin, “İran”ın linqvistik, etnik və mədəni baxımdan “Persia”nı ehtiva edəcəyi şəkildə işlədilməsi sonrakı alimlərin ixtiyarına saxlanıldı.

Digər bir yanlış təsəvvür “Persia”dan törədilən “persian” adından qaynaqlanır. Çox vaxt “persian” termini insanları və dili, eləcə də, mədəniyyəti və ənənələri xarakterizə etmək üçün istifadə edilmişdir. “Persia” adlandırdıqları şeyin sosial-mədəni komponentlərinin mürəkkəbliyindən xəbərsiz olan Qərb, sadəcə olaraq, bölgədəki hər şeyi fars adlandırdı; halbuki bu kobud qavrayış mədəniyyət, dil və etnik mənsubiyyət sahələrini ayırd etməkdə uğursuz oldu. Hər nə qədər son zamanlarda “İran” “Persia”nı, “iranlı” isə “persian”ı əvəzləsə də, “persian” sözü hələ də dil və bəlli mədəni ənənələr üçün fars hökmranlığının davamlılığını vurğulamaqdan ötrü istifadə olunur. Bununla belə, “persian” sözünün bu qədər sərbəst işlədilməsinin yaratdığı bəzi problemlər var. İlk olaraq, XX yüzillikdən öncə dırnaqarası “Persia”nın sakinləri, bu insanların “Persia” [Fars] sakinlərinin özləri ilə heç bir linqvistik mütabiqliyinin olmadığına baxmayaraq, avropalılar tərəfindən fars adlandırılırdılar (bəziləri onları hələ də fars adlandırırlar). “Fars”ı “Persia” ilə sinonim hesab etsək, “Persia” əhalisinin hamısına “fars” və ya “farsilər” deyilə bilməzdi, çünki “Fars” yerin (İran/Persia) yalnız bir bölgəsi idi. Bundan başqa, bəluclar, kürdlər və türklər kimi “fars” və ya “persian” kateqoriyasına uyğun gəlməyən başqa bölgələr və dil topluluqları da var idi. (Buna görə də, sonrakı çalışmalarda onlara “fars” yerinə “iranlı” adı verilmişdir). XVII yüzilliyin başlarında Romadan olan bir səyyah, Pietro della Valle, “Persia”nın çeşidli növlərdən və müxtəlif xalqların əcnəbiləri olan sakinlərini maraqlı şəkildə təsvir edir. O, bu torpaqlarda yaşamağa davam edən əsl farsların (həqiqi farsların), İsfahan (Səfəvilər sülaləsinin paytaxtı) da daxil olmaqla, yalnız üç-dörd şəhərdə yaşadıqlarını da əlavə edir. XVIII yüzilliyin başlarında yezuit keşişi Kruşinski ata bunu müşahidə etmişdir: “Çətin ki, “Persia” qədər müxtəlif millətlərin yaşadığı bir ölkə olsun”. On doqquzuncu yüzilliyin ortalarında Öjen Flanden ümumən farslardan bəhs edir, lakin sonra zaman-zaman “farslar”ın yerinə (məsələn) “kürdlər”i işlədir, sanki müəllif onun kimlik fərqliliyinin fərqində imiş kimi, amma yenə də ikibaşlı şəkildə hər ikisini böyük bir varlığın bir hissəsi olaraq qoyur (ümumi “iranlı” adlandırmasından istifadə etmədən).

Beləliklə, “persian” çoxetnikli əhalini çətinliklə açıqlayan və yerli sakinlərin istinad edəcəyi ümumi kimlik şkalasında heç bir şeyə uyğun gəlməyən bulanıq bir termin idi. Bunu da qeyd etmək lazımdır ki, əgər “persian” sözü də “Persia” kimi qədim qaynaqlardan götürülübsə, adın “İran” olaraq dəyişdirilməsi, sadəcə olaraq, mədəniyyət və dillərin dəyişməsini və aradan keçən yüzilliklərin arasıkəsilməz yeni köçlərini, işğallarını və keçidlərini görməzdən gəlmişdir. İranöncəsi ya da İran (islamöncəsi və ya islami) xalqlarının, istər Xorasan, istər Kürdüstan, istərsə də Fars yerlisi olsun, müxtəlif bölgələrdə özlərini davamlı olaraq tək unikal kimliyə malik olaraq gördüklərinə inanmaq ağlasığmaz və anaxronik olardı. Beləliklə, “persian” kimliyinin geniş yayılmış bir aspekti, rahatlıq məqsədləri xaricində, onun əsasında duran mürəkkəb çoxqatlı kimlik məsələsini gərəyincə əks etdirmir. Lakin zaman keçdikcə “persian” tədricən etnik tanımlama üçün deyil, dilin tanımlanması üçün istifadə olunmağa başladı.

Erkən islami dövrdə, VII yüzillikdən IX yüzilliyədək bölgə dilləri kəskin keçidə məruz qalmış və ərəb əlifbası və üslubi himayəsi altında yeni dillər sintez etmişdir. İslamsonrası dönəmdə inkişaf edən farsi dili ümumiyyətlə “persian” adlandırılır. Lakin farsi (dili) və (potensial olaraq farsi dilində danışan) “Persia” xalqı üçün “persian” tanımlaması, Mavəraünnəhr (Tacikistan, Əfqanıstan) bölgələrindəki insanlar kimi “Persia”nın özündən qıraqda farsi dilində danışanlar üçün geniş bir kimlik təyin etməkdə çaşqınlıq yaradır. Bu insanlar farsi dilində danışdıqları üçün fars adlandırıla bilərmi? Çağdaş milliyyət və coğrafi kimlik konsepsiyası digər bulanıq mədəni aidiyyətlərdən üstün olana qədər texniki olaraq qənaətbəxş cavab verilməmişdir. Həm xalq, həm də dil üçün “persian” tanımlaması, farsi dili VII-IX yüzilliklər arasında formalaşıbsa, (“persis”dən törəmə) qədim “persian” termininin daha gənc bir dil üçün necə və nə üçün rahat şəkildə istifadə olunduğuna dair suallar doğurur. Bundan başqa, qədim “persian” tanımlaması, ən azından, Avropa mənbələrində heç də hökmən dili deyil, etnik adlandırmanı bildirirdi. Orientalistlərin farsi dili üçün “persian”ı bilgisizcə istifadə etməsi, xalqın və dilin qədim zamanlardan, xüsusən də Sasanilər dönəmindən bəri sürən xəyali davamlılığından başqa bir şeyə əsaslanmamışdı. Məhz bu mühakimə vasitəsilə farsi (“persian”) dili Əhəmənilərin “əski farscasından” Sasanilərin “orta farscasına” keçdikdən sonra özünün üçüncü mərhələsində görülürdü (Braunun qeyd etdiyi kimi, bu təkamül «“əski ingiliscə”, “orta ingiliscə” və “çağdaş ingiliscə” ifadələri ilə olduqca oxşardır»).

 

Mostafa Vaziri, Iran as Imagined Nation. — Second edition, Piscataway, NJ: Gorgias Press, 2013, səh. 55-64.

 


Comments