- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
Qızıl börkün
türklüyün, ağ börkün isə qulluğun rəmzi olduğunu 15-ci əsr tarixçisi Dukasdan
öyrənirik. Dukasın Efesdə doğulduğu ehtimal olunur, 1421-ci ildən başlayaraq
Yeni Foçada genuyalı Covanni Adarnoya katiblik etmişdir. Daha sonra Lesbos
adasının genuyalı hakimi Qattiluzio ailəsi ilə Osmanlı sarayı arasında vasitəçi
rolunu oynamış, 1455-ci ildə Fateh Sultan Məhəmmədlə görüşmüşdür. Yunancadan
başqa yüksək dərəcədə latınca və türkcə bilirdi. Dukasın, Bizans dövründəki bənzər
tarix əsərlərində olduğu kimi xüsusi ad daşımayan və sadəcə “historia” deyə
bilinən kitabını Vladimir Mirmiroğlu 1956-cı ildə Türkiyədə tərcümə edərək
yayınlamışdır. Bəhs etdiyimiz hissədə oxuyuruq:
«Bu yeniçərilərin
əlamət-i fəriqələri başlarına geydikləri sərpuşlardır ki, buna bizanslıların
xalq dilində zarkola (zərrin-külah) deyərlər. Əsasən bütün türklər başlarına
belə bir sarıq sarardılar. Xüsusi və əsil kimsələr qırmızı rəngli, digər irqlərə
mənsub olub, əsir olaraq ələ keçmiş və padşahın qulları olmuş bulunanlara ağ rəngli
sərpuş üzərinə ağ sarıq sarardılar. Bu sərpuş yarımkürə şəklində olub, başa
oturdulurdu və başın təpəsindən bir qarış qədər yüksəlir, yüksəldikcə də
sivrilirdi. Alınan yeniçəri alayının sayı hər il daha da artırdı, yəni birə yüz
nisbətində çoxalırdı. Bundan dolayı qullar, qullara və qulların qulları da
ayrıca qullara nail olurdular və bunların hamısı da padşahın qulları idi.
Bunların arasında nə bir türk, nə bir ərəb vardı, hamısı xristian uşaqları idi,
yəni bizanslılar, serblər, albanlar, bolqarlar, valaxlar və hunlar (macarlar)
idi.»
Orta əsrlərə
aid bir sıra qaynaqlarda biz qızılbaş adlandığımız kimi, Osmanlılar da ağbaş,
Şeybanilər isə yaşılbaş adlandırılır. Hammerin məşhur “Geschichte des
Osmanischen Reiches” əsərinin fransızca yayınında belə bir qeyd var:
«Venesiya səfirlərinin
hesabatlarında özbək səfiri “della testa verde” (yaşılbaş) adlandırılır;
şahınki, “della testa rossa” (qızılbaş); osmanlıların özləri orada “della testa
bianca” (ağbaş), gürcülər isə “della testa nera” (qarabaş) adlanır. Beləliklə,
yaşıl, qızıl, ağ və qara başlar özbəklərin, iranlıların, osmanlıların və gürcülərin
sinonimidir.»
Bu üç rəngə əsaslanan
adlandırma çoxdan bəri bilinsə də, rənglərin mənaları sadəcə baş geyimi ilə əlaqəli
görülmüş, dərin açıqlama verilməmişdir. Dukasın əsərində tapdığımız bu çox
maraqlı qeyd türkmanların qızıl börkünün təsadüfi seçim olmadığını, xüsusən
Fateh Sultan Məhəmməddən başlayaraq sanki Bizansın islami cilddə tənasüxü
olaraq qarşımıza çıxan Osmanlının “devşirmə sistemi” dediyi bizanslaşdırma
siyasətinə qarşı bir oğuz-türkman üsyanının təcəllisi olduğunu göstərməkdədir.
Ədəbiyyat:
Dukas, Bizans
Tarihi. — İstanbul: İstanbul Fethi Derneği, 1956, səh. 84.
Joseph von
Hammer-Purgstall, Histoire de l'Empire ottoman, depuis son origine jusqu'à nos
jours. Tome 4. traduit de l'allemand par J.-J. Hellert. — Paris: Bellizard,
Barthès, Dufour & Lowell, 1836, səh. 94.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment