- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«Təxminən 1890-cı ildə, İranda iqtisadi imtiyazlar əldə etmək üçün göstərilən xarici səylər əhəmiyyətli dərəcəyə çatanda, o dövrdəki, – məsuliyyətsiz, fürsətçi və korrupsiyalaşmış, – İran hökuməti iki rəqib güc arasında bir tarazlıq saxlamağa və bir-birinə qarşı oynamağa çalışdı. Hələ 1900-cü ildə şah, əsasən israfçılığı və İran maliyyəsinin korrupsiyalaşmış və səmərəsiz idarəçiliyi nəticəsində yaranan kəsiri doldurmaq üçün ingilis və rus mənbələrindən borc alma siyasətinə başladı. Nəhayət, ümumi yaxınlaşmalarının bir hissəsi olaraq, Böyük Britaniya və Rusiya, 1907-ci ildə İranın bütövlüyünə və müstəqilliyinə hörmət etməyi qarşılıqlı öhdəliyə götürdükdən sonra “səmimi qəlbdən bu ölkənin hər yerində nizamın qorunmasını və onun dinc inkişafını, eləcə də, bütün digər dövlətlərin ticarət və sənayesi üçün bərabər imtiyazların yaradılmasını arzuladıqlarını” ifadə edən bir anlaşma imzaladılar. Böyük Britaniya, Qəsri-Şirindən İsfahan, Yəzd və Qəhqəhə üzərindən rus-əfqan sərhədinin kəsişməsinədək keçən xəttin quzeyində hər hansı bir güzəşt istəməməyi qəbul etdi, Rusiya da, Əfqanıstan sərhədindən Gəzik, Bircənd və Kirman üzərindən Bəndər Abbasa qədər uzanan xəttin güneyində güzəştlər istəməməyi qəbul etdi. İngilis-rus anlaşması İran hökumətinin xəbəri və razılığı olmadan imzalanmışdı. Dörd il sonra Şuster İran hökuməti tərəfindən işə qəbul edildi. Tapşırığının yerinə yetirilməsinə enerjili şəkildə davam etdiyi halda, qısa müddətdə Baş xəzinədarın rəsmi hərəkətlərində Rusiyanın quzeydəki xüsusi maraqlarını kifayət qədər tanımadığını və hörmət etmədiyini iddia edən Rusiya hökumətinin etirazları və müxalifəti ilə qarşılaşdı. Bir neçə aydan sonra Rusiya hökuməti Şusterin işdən çıxarılmasını tələb edərək İran hökumətinə ultimatum təqdim etdi və o, 1912-ci ilin əvvəllərində işçilərinin ardınca İrandan ayrıldı və arxasında İran gənclərinin xatirəsində hələ də güclü olan İran xalqına təmənnasız və qeyrətli bir dostluq ənənəsini qoyub getdi.
1907-ci il ingilis-rus anlaşması Dünya Savaşı zamanı ləğv edildi; lakin 1914-cü ildə İranın elan etdiyi bitərəfliyini qorumaq üçün imkanı yox idi. Cəmi-cümlətanı bir ilin içində rus, osmanlı və ingilis orduları artıq İran torpağında döyüşür və alman casusları geniş bir təbliğat aparırdılar. Bütün ölkədə aktiv döyüşlər, sui-qəsdlər, qətllər və nizamsızlıq var idi. 1918-ci ildə Qərbi İran aclıq içində idi. İran ticarəti demək olar ki, dayanmışdı və hökumət daxili vergiləri yığa bilmirdi. Subsidiyalar və digər ssudalar ingilislər tərəfindən təmin edilirdi. İranın 1919-cu ildə Parisə göndərdiyi seçkin və bacarıqlı nümayəndə heyətinin Sülh Konfransına öz qəziyyəsini çatdırmasına icazə verilmədi və konfrans tərəfindən İrana yardım göstərmək üçün heç bir ölçü götürülmədi.»
Arthur Chester Millspaugh, The American task in Persia. — London: T. Werner Laurie, Ltd., 1924, səh. 112-114.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment