- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
Bu faktı 1830-cu illərdə Mərkəzi Asiyaya göndərilən Britaniya heyətinin üzvü Mohan Lal Kəşmirinin kitabından tapmışam. 1833-cü ildə Herata yetişən Mohan Lal yazır:
«Yoxsulların və acların diləkləri padşahdan nökərlərinin təpik və zərbələrindən başqa heç nə qazandırmadı. Onlardan biri padşahdan bir rupi aldığı üçün özünü xoşbəxt hesab edən yaşlı qadın idi: amma pulun mis sikkə olduğu anlaşıldı. Padşah bizi uzaqdan gördü və salamlarımızı cavabladı. O, Eydgahdan qədim hökmdar sarayının ancaq karikaturasına bənzəyirliyi olan öz kasıb sarayına qayıtdı. Hər tərəfində dörd məxmər yastıq olan, zərxara ilə örtülmüş taxta taxtda oturmuşdu. Çox da təmtəraqlı geyinməmişdi və yoxsulluğunu hiss edərək gözlərini yerə dikmişdi. Taxtın yanında ümumi bir döşəmə var idi, onun üzərində bir neçə boşqab şirniyyat və ətrafında mollalar, mollaların arxasında isə mənsəbli və seçkin adamlar vardı. Onlar padşahı təbrik etməyə gələndə eşikağasının müşayiəti ilə ona sarı qaçdılar, toppuz tutanlar isə yüksək səslə “durran” [durun] dedilər. Yuxarıdakı məmurlar onlara titrək səslə “gachan” [geçin] deyənə qədər orada dayandılar. “Durran” [durun] türkcə “yerində dur” və “gachan” [geçin] “keçib get” mənasını verir. Mərasimlərin rəhbəri eşikağası adlanır; əvvəlki söz [eşik] “qapı”, ikincisi [ağası] isə “sahibi” (“qapının [eşiyin] sahibi”) mənasını verir.»
Burada mərasimin özünün Azərbaycan türkcəsində olması ilə yanaşı, vəzifə adının (“eşikağası”) da bizim dövlət ənənələrimizdən alındığını görürük. Herat şəhərinin idarəçiliyində qızılbaş məmurlarının olduğunu bilirik. Professor Yuri Qankovski “Dürrani imperiyası: inzibati və hərbi sistem haqqında oçerklər” əsərində bunu vurğulayır:
«Bir qayda olaraq, Herat valisinin sarayı şahın sarayında xidmət edən dürrani və qızılbaş əyanlarının kiçik qardaşlarından və oğullarından ibarət idi.»
Görünür Heratdakı qızılbaşlar bu türkcə protokolu soydaşlarının Qacar sarayından örnək almışdılar. Fransanın Qacar dövlətindəki diplomatik nümayəndəsi Öjen Obin 1907-ci ildə Məhəmmədəli şah Qacarın sarayındakı qəbulunu belə təsvir edir:
«Böyük xacə, qoca zənci, iri və arıq, paltarında üzən [Ağabaşı] Hacı Sürur Ağa, etimad-ül-hərəm salonun qapısına gəlib türkcə qışqırdı:
Geçin! Sonra, padşahdan öndə, ucları zümrüdlərlə bitən, minalar və almazlarla örtülmüş uzun çubuqlar tutan iki təşrifat məmuru peyda oldu.»
Bu, “Pax Qizilbashica”nın bizə bəxş etdiyi mədəni yetkinliyin və güclü hüviyyətin meyvəsi olan Qızılbaş Arxipelaq Sivilizasiyasının təcəlli şəkli idi.
Ədəbiyyat:
• Mohan Lal, Travels in the Panjab, Afghanistan, & Turkistan, to Balk, Bokhara, and Herat and a Visit to Great Britain and Germany. — London: W.H. Allen, 1846, səh. 238.
• Eugène Aubin, La Perse d'aujourd'hui (Iran, Mésopotamie). ― Paris, Armand Colin, 1908, səh. 139.
• Ганковский Ю.В., Империя Дуррани. Очерки административной и военной системы. — Москва: издательство Восточной Литературы, 1958, səh. 78.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment