Kazım Karabekir və Əliağa Şıxlinski arasında gizli anlaşma var idimi?


Aprel işğalına aparan Ərzurum anlaşması haqqındakı aşağıdakı qısa yazı parçası bütünü ilə mühacirlərin “Qafqaz” dərgisindən götürülmüşdür:

Azərbaycanın sovetləşdirilməsindən öncə dünya inqilabı naminə «Şərqi Qərbə qarşı qaldırmaq» məqsədilə Sovet-Türkiyə əməkdaşlığı artıq başlamışdı. Daha sıx əməkdaşlıq üçün, müstəqil Şimali Qafqaz, Azərbaycan, Gürcüstan və Ermənistanın timsalında Qafqaz səddini yıxmaq tələb olunurdu. Təəssüf ki, bu nankor işə Müsavat başçıları da cəlb olunmuşdular. 15 aprel 1920-ci ildə Ərzurumda Türkiyənin 15-ci korpus komandiri Kazım Karabekir Paşa ilə Azərbaycan Müdafiə Nazirinin müavini Əliağa Şıxlinski arasında anlaşma imzalanır. Anlaşmanın 5-ci paraqrafında deyilirdi ki, «Azərbaycan hökuməti Sovet Rusiyası ilə “Anadolu və Rumeli Müdafiə-i Hüquq Cəmiyəti”nin yaxınlaşmasına köməklik edəcəyinə söz verir. Gərəkli olarsa, Azərbaycan bu ittifaqa qoşulacaqdır».
Bu anlaşma barəsində Karabekir Paşa yazır: «Bolşeviklər, Azərbaycan və bizim aramızda imzalanmış şərtlərə əsasən bizim çoxlu sayda zabit, həkim və dövlət qulluqçularımız Azərbaycana yola çıxdılar. Bolşeviklər bizə dərhal ermənilərə və Kilikiyada fransızlara qarşı hərbi əməliyyat başlatmağı təklif edirlər. Dağıstanda Ənvər, Nuri və Xəlilin başçılığı altında təşkil edilmiş yaşıl ordu aprelin əvvəlində Bakını tutmağa çalışmalıdır. Müttəfiqlər qarşısında özünə bəraət qazandırmaq üçün Azərbaycan qoşunları saxta müqavimət nümayişi quraşdırmalıdır».

Ашот Арцруни, Большевицкий заговор в Армении. // Кавказ (Le Caucase). Орган независимой национальной мысли. — Paris: Typographie Franco-Caucasienne, № 5/17, Май, 1935. Səh. 10.

Comments