- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
Rusiya imperiyası Baş Qərargahının daxili istifadə üçün nəzərdə tutulan “Asiya üzrə coğrafi, topoqrafik və statistik materiallar toplusu” adlı yayınının 1886-cı ilə aid 20-ci cildində Britaniya diplomatı Vilyam Con Diksonun Qacar dövlətinin ticarətinə dair hesabatının rusca tərcüməsi var. Dikson İranda müxtəlif vəzifələrdə çalışıb, o cümlədən 1858-60-cı illərdə Təbriz konsulluğuna rəhbərlik edib. Həmin bu hesabatda İranda əkilən müxtəlif bitkilərin və məhsulların istehsal həcmi göstərilib, o cümlədən Qacar dövründə istehlakı qadağan olunmuş tiryəkin. İran daxilində istifadəsi qadağan olunsa da satış məqsədilə becərilirdi, hətta o dərəcədə ki, 1880-ci illərdə Asiyada tiryək ticarətində monopolist olan Britaniya İranın artan rəqabətindən narahat olmağa başlayır. Dikson burada bölgələr üzrə tiryək istehsalının həcmini verir, məsələn, Məşhəddə 1350 batman, Kirmanşahda ayaza görə yığım azalıb, cəmi 1000 batman, ən çox istehsal olunan yerlər isə İsfahan, Fars və Yəzd vilayətləri göstərilir. Tiryəklə bağlı hesabatın sonunda isə Dikson belə bir cümlə yazır: Azərbaycanda tiryək istehsal olunmur. Qacar dövlətinin Azərbaycan xalqının sağlamlığının qayğısına qalması təsadüfi deyil. Qacarlar bütün İranın şahı olsalar da özlərinə ev olaraq Azərbaycanı görürdülər. Müzəffərəddin şah hökmdarlığa başlayıb Azərbaycanın vəliəhdlik taxtını oğlu Məhəmmədəli mirzəyə ötürərkən ona öyüdləri arasında bunu deyir: “Azərbaycan dünyada hər şeydən çox sevdiyim evimdir”. Qacarların Azərbaycana olan bu sevgi və qayğısına elə Rusiya ordusunun yuxarıda qeyd olunan hərbi yayınınından 1883-cü ilə aid 4-cü cilddəki Aleksey M. Kolyubakinin “İran əhalisinin tayfalar və əyalətlər üzrə tərkibi” başlıqlı hesabatından bir örnək verə bilərik: “Həqiqətən də, Azərbaycan, əhalisinin davamlı fəlakətlərə məruz qalmasına baxmayaraq, kifayət qədər sıx məskunlaşmışdır; onun əsasən türk irqindən ibarət olan çoxsaylı oturaq kənd əhalisi sağlamlığı, dözümlülüyü, nisbətən zənginliyi və hökumətə sadiqliyi ilə seçilir”.
Ədəbiyyat:
• Донесение Диксона о торговле Персии 31 октября 1884 г. // Сборник географических, топографических и статистических материалов по Азии. Вып. 21, СПб., военная типография. Секретно. Издание Военно-Ученого Комитета Главного Штаба, 1886, səh. 98.
• Неофициальная часть. М. Ш., Тифлис, 4-го июня 1896 г. // Кавказ, № 147. — Тифлис, 1896, 5 Июня.
• Подполковник Колюбакин А.М. Состав населения Персии по племенам и провинциям. Сборник географических, топографических и статистических материалов по Азии. Выпуск 4, СПб., военная типография. Секретно. Издание Военно-Ученого Комитета Главного Штаба, 1883, səh. 55.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment