Qızıl börklü türkmanların Börklücə Mustafa üsyanı, 1416

 

«Əvvəlcə yazmış olduğumuz kimi, [Çələbi] Məhəmmədin vəkili olan və oradakı əyaləti bəylik vəzifəsi ilə idarə edən [İvan] Şişmanın oğlu [İsgəndər bəy], əsgər yığaraq, bu Dədə Sultan əleyhinə hərəkət etdi isə də, Stilarionun dar keçidlərindən keçməyə müvəffəq ola bilmədi. Altı mindən çox olan Stilariondakı təriqətçilər də bir məntəqədə toplandılar və keçilməsi çətin olan keçidlərin önündə duraraq, hücum edən Şişmanın bütün adamlarını qılıncdan keçirdilər. Hətta Şişmanı da tələf etdilər.

Bu zəfərdən sonra Börklücə Mustafanın müridləri qazandıqları bu şan və şöhrətlərini saxta babanın mənəvi qüvvəsinə ətf edərək, özünü bir peyğəmbərdən daha artıq mədh-ü-səna edib, öz təriqətləri üçün yeni bir əqidə təsis etdilər. Bu əqidəyə görə, bundan belə qızıl börk dedikləri papaqlarını geyməyəcəklər və yalnız tək köynək geyəcəklər, başları açıq olacaq və xristianlar ilə türklər arasında fərq olmayacaqdır.

Məhəmməd bu uğursuzluqdan sonra Lidiya valisi Əli bəyə xəbər göndərərək Lidiya və İoniyada yerləşən bütün hərbi qüvvələri ilə hərəkətə keçib, Stileriondakılar əleyhinə yürüməsini əmr etdi. Stilariondakılar isə, yenə keçidlərin ağızlarını tutdular və düşmənlərindən dar keçidlərə girənlərin hamısını öldürdülər. Əli bəy, çox az əsgər ilə qurtula bildi və Mağnisaya getdi. Padşah, bu faciəni eşitdikdə, on iki yaşında bir uşaq olan oğlu Muradı vəzir Bəyazid ilə birlikdə, Trakiya əsgəri ilə yanaşı, bu mütəəssib kütlə üzərinə göndərdi. Murad gedərkən keçdiyi Bitiniya, Frigiya, Lidiya və İoniyadan bütün əsgərləri yığaraq, böyük qüvvələr ilə düşmənlərin o dar keçidlərinə getdi və yolda rastlaşdığı qoca və ya uşaqları, kişi və ya qadınları, yaş və cins fərqi qoymadan, mərhəmətsizcə qılıncdan keçirirdi. Nəhayət tək köynəklilərin sığındıqları dağa vardılar və müharibəyə tutuşdular. Sonda tək köynəklilər, rəisləri saxta peyğəmbərləri ilə yanaşı yenildilər və təslim oldular. Bu müharibədə Murad çox əsgər itirdi. Murad bu təriqətçiləri yanına alaraq Efesə gətirdi. Efesdə başçılarını sorğuya çəkdi. Ona bir çox işgəncələrlə təzyiq etdiyi halda, fikirlərində və etiqadında sabit olduğunu və dəyişməyəcəyini anladıqda, onu asdırdı, cəsədini əllərini taxtalara mismarlarla mıxlanmış bir vəziyyətdə, bir dəvə üzərinə qoydular və şəhərin içində gəzdirərək, təşhir etdilər. Mürşidlərinin etiqad və fikirlərini inkar etməmiş olan müridlərini də gözləri önündə boğazladılar. Bu müridlər can çəkişərkən “Dədə Sultan, əriş”dən başqa bir şey söyləmirdilər. Bu təriqətə mənsub olanlar, uzun müddət, dədələrinin ölmədiyinə və həyatda qaldığına inanmaqda davam etdilər.»

 

«Bəyazid, bu zəfərdən sonra, Muradı da alaraq, Asiya və Lidiyadan keçərkən, yolu üstündə, bu ibahi təriqətinə mənsub olan türk dərvişlərindən rast gəldiklərinin hamısını qətl etdirdi. Bəyazid, Frigiya və Çanaqqala boğazından keçərək, Ədirnəyə vardı və Çələbi Məhəmmədin oğlu Muradın qalibiyyət və müzəffəriyyətini ərz etdi. Çələbi Məhəmməd də hələ gənc olan oğluna Amasiya sancaq bəyliyini və Kappadokiya ətrafını ehsan etdi və dövlət adamlarından təcrübə sahibi Yorgiç bəy adında bir şəxsi şahzadənin idari işlərini tədvirə məmur təyin eylədi.»

 

 

Dukas, Bizans Tarihi. — İstanbul: İstanbul Fethi Derneği, 1956, səh. 68-70.


Comments