- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
Vaqiə 1277-ci
ildə Rum Səlcuqları torpaqlarında baş verir. Kösədağ savaşından (1243) sonra
Rum Səlcuqlarının torpaqları və sarayı moğullar, məmlüklər, bizanslılar
arasında çəkişmə sahəsinə dönmüşdü, bürokratiya isə fars əsilli vəzirlərin
hökmranlığında idi. Hətta iş o yerə çatmışdı ki, 1262-ci ildə IV Rüknəddin
Qılınc Arslanın vəziri təyin olunan Sahib Əta Fəxrəddin Əli o günədək ərəbcə
olan dəftərxana işlərini farscaya çevirir. 1266-cı ildə hiylə ilə IV Qılınc
Arslanı moğullara öldürtdürən və yerinə azyaşlı III Qiyasəddin Keyxosrovu taxta
çıxaran, əslində isə dövləti özü idarə edən Müinəddin Pərvanə də Deyləm əsilli
bir başqa fars vəzir idi. Bu ikisi Rum diyarının o tarixlərdə son on illiklərdəki
ən qüdrətli bürokratları, siyasi intriqaların əsl manipulyatorları idi. 1276-cı
ildə Şərəfəddin Xətir oğlunun üsyanı vaxtı Qaramanlı türkmanlarına qarşı mərkəzi
hökumətin göndərdiyi qoşunlar da tarixi qaynaqlara moğul-tacik birlikləri
olaraq düşüb. 1277-ci ilin yazında dəstək vədi ilə Məmlük sultanı Baybarsı Rum
diyarına gətirtdirən deyləmli Pərvanə yenə ikibaşlı oyun oynamış, III Qiyasəddin
Keyxosrovu və Sahib Əta Fəxrəddin Əlini də yanına alaraq Toqata çəkilmişdi.
Baybarsın aprelin axırlarında Qeysəriyyədən çəkilməsindən iki həftə sonra
Qaramanlının qızıl börklü türkmanları Rum diyarını yenidən türkmanlığa geri
qaytarmaq üçün, düşmənlərinin onu alçaltmaq üçün “Cimri” ləqəbini qoyduğu, II
İzzəddin Keykavusun oğlu olduğu deyilən Əlaəddin Siyavuşu qanuni sultan qəbul
edərək Konyanı fəth etdilər. Əlaəddin Siyavuş sultan elan edildi, adına xütbə
oxundu, sikkə kəsildi, Qaramanlı Məhəmməd xan isə onun vəziri elan edildi. Bu
barədə ayrıntıları Elxanlıların qüdrətli bürokratlarından Cüveyni ailəsindən
tarixçi və Bağdad valisi Əlaəddin Əta Məlik Cüveyninin göstərişi ilə “əl-Əvâmirü'l-Əlâiyyə
fi'l-ümuri'l-Əlâiyyə” əsərini yazan Gürgan əsilli İbn Bibi verir. Əks tərəfin
mövqeyindən yazılmış olan qaynağımız həmin hadisələri belə təsvir edir:
«O günlərdə təriqət
mənsubu olmağı özünə peşə etmiş, türk boyları arasında gəzərək özünü mərhum və
məşhur Sultan İzzəddin Keykavusun oğlu olaraq tanıdan Cimri adında bir şəxs
ortaya çıxmışdı. Qaramanlının söylədiyi sözləri eşidən Cimrini tanıyan biri,
onu yolda gördükdə dərhal əlindən tutaraq Məhəmməd bəyin yanına apararaq, “Bax
bu, Sultan İzzəddinin nəvəsidir” dedi. Bundan başqa, Suğdaqdan qaçıb gəlmiş
olan Tağı ləqəbli sivaslı biri də “Bu məlik, Sultan İzzəddinin oğludur. Adı və
sanı Qiyasəddin Siyavuşdur. O, orada mənə yazı öyrətdi” deyə şahidlik etdi.
Yalançı Tağının bu şahidliyi ilə onların Cimriyə güvənlərini daha da artırdı.
Özlərini məqsədlərinə çatmış gördülər. Tam bir fikir və baxış birliyi içində
özlərinə sərkərdə və öncü edib ona beyət etdilər. Çuldan geyimini altun sırmalı
ipəkli geyimlə dəyişdirdilər. Qızıl börklü, çarıqlı, qara kilimli türkmanlar
Konyaya hərəkət edib səltənət qəsri olan Filobad düzənliyinə endilər. Oradan Məlik-ül-üməra
və’n-nüvvab naib-üs-səltənət Əminəddin Mikailə elçi göndərərək, “Sultan İzzəddin
Keykavusun oğlu bizim yanımızdadır. Onun nəsəbinin səhihliyi barəsində etibarlı
adamlar şahidlik etməkdədirlər. Ən qısa zamanda gəlib ona bağlılıq bildirilməli
və əl öpmə şərəfi qazanılmalıdır. Əgər sizin bu mövzuda şəkk və şübhəniz varsa,
bu qutlu xanədanın güvəndiyi kimsələrdən və saray xocalarından göndərin. Onlar
bu məlikin durumunu bəsirət tərəzisində çəkib onun haqqında gərəkli təhqiqat və
tədqiqatı böyük bir dəqiqliklə etsinlər. O zaman əgər onun nəsəbi səhih
çıxarsa, bizim və sizin ona uyaraq bağlanmaqdan başqa edəcək bir işimiz qalmaz.
Yox, əgər o yalançıdırsa, onu yanımızdan uzaqlaşdırma və sözlərimizi geri
götürmə barəsində heç bir tərəddüd göstərmərik” dedilər.»
Davamında
yazdığı aşağıdakı sözlər o dövrdə Rum Səlcuqları sarayının, idarəçiliyinin və iqtisadiyyatının
yoxsul qalmış türkmanlıqdan tamamilə qopuq olduğunu əks etdirir:
«O arada fitnəkar
türkmanlar çəyirtkələr kimi şəhərin hər tərəfinə dağılışaraq ölkələrin və şəhər
tacirlərinin anbar olaraq işlətdikləri karvansaraları baltalar və toxmaqlarla
qırdılar. Kisələrini hesaba-kitaba gəlməyən altun, gümüş və daş-qaşlarla
doldurdular. Dilənçi və qızıl börklü türkmanlar, altun sırmalı qiymətli Misir
qumaşlarını, bahalı və nadir ipəklərini başlarına sardılar. Çarıqlı, hətta bəziləri
ayaqyalın olan bu kimsələr hörmətli kimsələrin dəyərli geyimlərini geydilər.
İnsaf qapısını zülm qapısı ilə bağladılar. Axşam olduqda yönlərini Filobada
çevirdilər. Ertəsi gün Cimrini şəhərə gətirdilər. Dövlətxanada sultanların məqamına
oturtdular. Yenidən yağmaya və talana başlayaraq etibarlı adamları alçaltdılar.
Onların istila və yüksəlmə hekayəsi bu şəkildə oldu. Gördükləri işlərdə fitnə və
fəsadın növlərindən heç birini əskik qoymadılar.»
Qaramanlı Məhəmməd
xanın türk dilini rəsmi dəftərxana dili etməsi hadisəsi də məhz bu dövrdə baş
tutmuşdu:
«Ertəsi gün
Cimrini böyük bir ehtişam və dəbdəbə içində çox sayda sərhəng, saysız
çovqandar, bəzəkli candarlar, silahdar və camadarlarla birlikdə ata mindirib şəhərin
çevrəsində gəzməyə çıxdılar. Qayıdanda divan qurdular. Hər tərəfə məqam sahibi
kimsələri və tərəfdarlarını çağırmaq üçün fərmanlar çıxardılar. “Bu gündən
sonra heç kimsə divanda, dərgahda, bargahda, məclisdə və meydanda türkcədən
başqa dil danışmayacaq” deyə qərar aldılar.»
Qaramanlı Məhəmməd
xan və Əlaəddin Siyavuşun Konyadakı hakimiyyəti otuz yeddi gün çəkdi. Bu dövrdə
fars vəzirlərdən Sahib Əta Fəxrəddin Əlinin iki oğlunu və Müinəddin Pərvanənin
dayısı Xoca Yunusu, şəhər naibi rum dönməsi Əminəddin Mikayılı öldürdülər. Moğul
ordusunun gəldiyi ərəfədə şəhərdən qıraqda Filobad ovalığında olan türkmanlar yenidən
Konyaya girməyə çalışsalar da, şəhər əhalisi onları buraxmadı, nəticədə
türkmanlar güneyə çəkilməli oldular, moğul qoşunları isə Cüveyninin başçılığı
ilə şəhərə girdi. Hadisələrin davamında öncə Qaramanlı Məhəmməd xan iki qardaşı
ilə birgə, bir müddət sonra isə “Cimri” ləqəbli Əlaəddin Siyavuş da tutularaq dərisi
soyulmaqla öldürüldülər. Qaramanlılar Azərbaycanın Şirvan mahalından köçmüşdülər,
Babai idilər, Məhəmməd xanın babası Nürəddin bəy Baba İlyasın müridi olduğuna
görə Nüri Sofu adı ilə bilinirdi. Tarixlərini dastanvari bir dillə “Qaramannamə”
kitabında əks etdiriblər.
Ədəbiyyat:
İbn Bibi (Çev.
Mürsel Öztürk), El evemirü'l-ala'iye fi'l-umuri'l-ala'iye (Selçuk-Name). II —
Ankara: Kültür Bakanlığı, 1996, səh. 204, 205, 209.
İbrahim Artuk,
Sahte Selçuklu Sultanı Cimri. // Tarih Dergisi. — İstanbul: 1958, IX /13, 151-160.
Kerîmüddin
Aksarâyî, Selçukî Devletleri tarihi: Aksaraylı Kerimeddin Mahmud'un
Müsameret-al-ahyar adlı Farsça tarihinin tercümesi / Türkçeye çeviren M. Nuri
Gencosman. Ön söz ve notlar yazan F. N. Uzluk. — Ankara: 1943.
Nezihi Aykut,
Türkiye Selçuklu Sultanı Siyavuş (Cimri)'un Sikkeleri. // Belleten. 1988; 52
(203): 475-484.
Şikârî,
Karamannâme, Hazırlayan: Metin Sözen, Necdet Sakaoğlu. — İstanbul: Karaman
Valiliği, 2005.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment