Şirvandan qalxıb Rum diyarına varan qaramanlı türkmanları

 

Qaramanlılar haqqında özlərinə aid bilinən tək tarixi qaynaq Qaramannamə, Kitab-i Qaramaniyyə və ya Kitab-i Təvarix-i Qaramaniyyə adları ilə bilinən Şikarinin əsəridir. Əsərin 16-cı yüz illiyin ortalarında yazıldığı, ancaq 14-cü yüz illikdən qalma, Qaramanlı hökmdarı Əlaəddin bəyin (1361-1398) adına tərtib olunmuş Yaricaninin farsca mənzum xanədan tarixindən tərcümə ilə ərsəyə gəldiyi təxmin edilir. Oğuznamələr şəklində olan əsərin dastanvari bir üslubu var, dili türkcədir. Burada Qaramanlıların öz dilindən onların Azərbaycanın Şirvan mahalından olduqları bir neçə yerdə vurğulanır. Həmin hissələrə nəzər yetirək:

 

«Yaricani şöylə rəvayət eylər ki, Kəlxan oğullarından Şirvan xan nəslindən oğuz taifəsi oğuz bəglərindən Sədəddin derlər bir bəg var idi. Şirvan vilayətindən gəlüb çıxmış idi. Çox qəbilə idi. Rast on min oba idi. Qonar-köçər idi. Yazın Sivasda Qeysəriyyə yaylaqları idi. Qış diyar-i Əcəmə gedərlər idi. Bunlara oğuz taifəsi derlər idi. Əksəriyyə erməni kafir ilə cəng edərlər idi. Bəglərinə Sədəddin, qarındaşına İmadəddin derlər bir bahadır yigit idi. Oğlu var idi, Nurəddin derlər idi. Türkman taifəsini bunlar, anlar-bilə qonar-köçər idi. Türkman taifəsinin bəginə Xeyrəddin derlər idi. Bir yıl baharın, əgər türkman, əgər oğuz yaylağa çıxdılar. Sədəddin vəfat edüb Nurəddin bəg eylədilər.»

 

Burada bəhs olunan Şirvandan Rum diyarına köç hadisəsi ilk moğul yürüşləri zamanı, 1220-ci illərdə baş vermişdir. Adı keçən Nurəddin bəy Babai təriqətindən idi və buna görə Nuri Sofu olaraq bilinirdi. Babai təriqəti sonrakı qızılbaş hərəkatının komponentlərindən birini təşkil etmişdir. Ardınca başqa bir yerdə oxuyuruq:

 

«Amma Kosun imana gəlüb müsəlman oldu. Turğud bəgə qızın verdi. Hər cəng və qəzada bunlar ilə bilə səgirtdi. Bir niçə zaman bunun üzərinə keçüb Sivas yaylaqların zəbt eylədilər. Əz in canib, Sivas bəgi Hacı Bahəddin, bunların hərəkətin duyub kürd qövmün cəb edüb Əşrəf derlər bir ulu bəg var idi. Ana eydür:

– Bu oğuz taifəsi Şirvandan gəlüb bu diyarları yerə bərabər mülk edindilər deyü əsgər cəm edüb bunlar ilə tuşmayınca olmayayur, dedi. Əşrəf eydür:

– İstərsən bir qat cəng edəlim, dedi. Həman on dörd min kürd cəm edüb üstlərinə yürüdülər.

Ravi eydür: Oğuz və türkman qövmü erməni ta cəngdən gəlmişlər idi. Xəbər ərişdi ki, nə turursuz? Kürd bəgləri sizi qırmağa gəldi, dedilər.»

 

Burada isə çox maraqlı şəkildə Qaramanlı Məhəmməd xanın Rum Səlcuqları sultanı qarşısında Şirvanlı olmağı ilə öyünməsi təsvir olunur:

 

«Ravi eydür: Sən Əlaəddin bin Keyqubad bin Keyxosrov bin Qılıç Arslan bin Ərtoğrul bin Al-i Səlcuq isən, mən dəxi Oğuz xan bin Gələncan ibn Alp Arslan bin İbrahim xan Sədəddin Nurəddin Qaraman xan bin Məhəmməd xanam, xan oğlu xanam. Şirvan Kuh-i Elburuzdan gəlmiş idi mənim əslim. Cümlə moğul, kürd və türkman mənimlədir. Sultan-i moğulam, vararam vaxtına hazır olasan, demiş.»

 

Qaramannamə əsəri Osmanlıların Qaraman torpaqlarını işğalı, bu zaman türkman yurduna on iki min qul köçürülməsi, Qaraman bəylərinin əlində sonda Bolğar dağlarının qalması, Qaraman hakiminin Sultan Səlimin sifarişi ilə hiylə ilə öldürülməsi, onu zəhərləyən Xocəndi oğlu haqqında Sultan Səlimin “Bunca sənədir nan-ü-nemətin əql edüb əfəndisin öldürən adəmdən bizə sədaqət ilə xizmət etmək məmul deyildir” deyərək onun özünü də asdırması və nəhayət son Qaramanlı bəylərinin, başda Pir Bayramın altı min ərlə və Kökəz oğlunun min ərlə Şah İsmayıla qatılmaları və Çaldıran savaşında şəhid düşmələri əhvalatı ilə bitir.

 

Şikârî, Karamannâme, Hazırlayan: Metin Sözen, Necdet Sakaoğlu. — İstanbul: Karaman Valiliği, 2005, səh. 103, 104, 124.

 


Comments