- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
Stavropol qəzasında yaşayan qızılbaşlara aid tapdığım aşağıdakı bilgi Rus Coğrafiya Cəmiyyətinin elmi arxivinə əsaslanır. Cəmiyyət 1847-ci ildə bölgələrin etnoqrafik təsvirini tərtib etmək məqsədilə bir proqram hazırlayır və bunu 7 min nüsxədə bölgələrə göndərir. Proqrama 6 bölmə daxil idi: 1) zahiri görünüşlə bağlı; 2) dil haqqında; 3) məişət həyatı haqqında; 4) ictimai həyatın xüsusiyyətləri haqqında; 5) əqli və əxlaqi qabiliyyətlər və təhsil haqqında; 6) xalq əfsanələri və abidələri haqqında. Etnoqrafik əlyazmaların təsviri ilə Dmitri Zelenin məşğul olmuşdur. "Coğrafiya Cəmiyyətinin Elmi Arxivinin Əlyazmalarının Təsviri" sorğu kitabı üç cilddə nəşr edilmişdir. Stavropol qəzasının etnoqrafik təsviri 1850-ci illərdə həmin qəzanın Avrali kəndindən olan bir şəxs tərəfindən hazırlanmışdır:
«Qızılbaşların yaşadıqları kəndlər: Lebyajye, Avrali və Əski Taşla (hər üçü rus kəndidir), obalar: Yeni Malıkla (mordva obası) və Kiçik Yakuşkino (çuvaş obası).
Qızılbaşların babaları, rəvayətlərinə görə, əsliyyətən iranlı olublar; qonşu türklər onları müxtəlif vaxtlarda əsir edib Buxara və Xivəyə satmışlar; burada yerlilər onları qırğızlarla [qazaxlar nəzərdə tutulur] mal-qaraya dəyişirdilər; qırğızlar arasında bu əsirlər sürülərə çoban kimi xidmət edirdilər, qəddarlıqdan Rusiya sərhədinə qaçır, bəziləri isə kazaklar tərəfindən əsir götürülərək Orenburqa göndərilirdi. Burada, öz istəklərinə uyğun olaraq, vəftiz olunublar və vəftiz olunmuş kalmıklarla eyni hüquqlarla o zamanlar seyrək məskunlaşan Stavropol qəzasına göndəriliblər. Rus, mordva və çuvaş kəndlərində yaşayaraq qızılbaşlar yerli qızlarla evlənib oturaqlaşırdılar; lakin sonra onların bir qismi Qafqaz xəttinə köçdü, digərləri kalmık qoşunu ilə birlikdə Orenburq hərbi xəttinə getdi. İndi burada 25-dək ailə qalıb. Qızılbaşın görünüşü: boyu hündürdür, 2 arşın 6-7 verşok [169-173 sm], qədd-qaməti düz, başı iri, ənsəsinə doğru bir qədər uzunsovdur, üzü uzun, üzünün rəngi qaradır, gözləri iri tünd-boz, burnu uzun, ortasında əhəmiyyətli bir donqar və ucu azacıq dimdiklidir, dişləri enli və uzundur.
Qızılbaşlar içində yaşadıqları əhalinin dilində mükəmməl danışırlar, onların çoxu bir neçə (hətta beşədək) yerli dil bilir.»
Зеленин, Дмитрий Константинович, Описание рукописей ученого архива Императорского Русского Географического общества. Вып. 3. — Петроград, 1916, səh. 1210-1211.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment