Aryan irqçiliyi və İran. Artür de Qobino nə deyirdi?

 

«İndiyə qədər biz aryan, Hind-Avropa, aryanizm və hind-avropaçılıq kimi terminlərin Avropanın ağ irqinin kimliyini, kökünü və vətənini quramaq üçün Avropa alimləri tərəfindən necə qurulduğunu və yenidən formalaşdırıldığını gördük. Bu, əlbəttə ki, hekayənin bir tərəfi idi. Digər tərəf isə absurd aryan mifinin əsaslandırılacağı İran və Hindistan kimi yerlərdə müəyyən etnik qruplar üçün kimlik quraşdırmaq idi. Aydındır ki, Şərq cəmiyyətlərindəki bəzi etnik qruplar orientalist quraşdırmaların ardınca özlərinin aryan olduqlarını və deməli, guya üstün olduqlarını başa düşdükdə, onlar bu yeni kimlikdən müxtəlif yollarla yararlanmağa çalışdılar. Əsas yollardan biri, qeyri-aryan qanının daşıyıcısı hesab edilən bütün digər irqləri və etnik qrupları kənarlaşdırmaq üçün millətçi bir layihə qondarmaq idi. Buna görə də bu Avropa quramalarının İran və Hindistan kimi yerlərdə müxtəlif etnik qruplar tərəfindən necə qəbul edildiyini, mənimsənildiyini və istifadə edildiyini görmək son dərəcə vacibdir. İranda avropalıların farslar üçün quraşdırdıqları cazibədar kimlikdən qazanclı çıxmağa çalışan məhz fars etnik qrupu idi. Bu orientalist quramanın işartısını görmək üçün bir daha Qobinoya müraciət edək, çünki, o, fars irqinin aryan mənşəyini təsvir edir:

 

Çox uzaq dövrlərdə ağ irq Asiyanın yüksəkliklərində ilk evində məskunlaşmağa başladı. Yavaş-yavaş qitənin qərbinə və cənub-qərbinə yayıldı. Onun böyüyən tayfaları bir-bir ayrıldı. Onlardan bəziləri Avropaya nüfuz edərək keltlərə, frakiyalara, latınlara, ellinlərə və slavlara çevrilməli idi. Eyni zamanda, güneyə doğru hərəkət edən əsli gövdənin digər daha az əhəmiyyətli olmayan qolları özləri ilə çiçəklənən bir əhali kütləsini apardılar, onlardan bir qrupu uzun müddət öz yurdları ilə bağlı qaldı: skiflər. Digəri onlardan ayrılaraq gündoğara üz tutdu və hindlilərin əcdadlarına çevrildi; sonra üçüncüsü, skiflərdən və Brahmanın gələcək abidlərindən çox sonra ayrılaraq Hind sularını arxada qoyub, yunanların və romalıların farslar adlandırdığı, ancaq hələ də özləri üçün iranlı adını istifadə edən xalqı dünyaya gətirmək üçün Orta Asiya torpaqlarına çatdı. (Qobino, 1971, səh. 6)

 

Deməli, bəşəriyyəti üstün və astın irqlərə ayıran və “aryan irqini” tanrısal bir statusa yüksəldən həmin Qobino təkzibedilməzcəsinə və həddən artıq arxayınlıqla iranlıları aryanlar kimi identifikasiya edir. “İranlıların” homogen xalq olmadığı, olmayışı və heç vaxt olmamaları, görünür, Qobinonu narahat etmir. Axı onun irqçi ideologiyası aryan olmayan xalqların heç bir insani və ləyaqətli təsdiqinə yol vermir. Bununla belə, bu cür qondarma quraşdırmanın aryan genlərini miras aldığını iddia edən istənilən etnik qrupa, xüsusən də İran kimi çoxmillətli mühitdə nə dərəcədə güc və nüfuz verəcəyini təsəvvür etmək çətin olmamalıdır. Digər orientalist diskurslar kimi, hind-avropaçı layihə də çətin ki, məsum obyektiv və sırf elmi təşəbbüs idi. Əksinə, ən başından bəri açıq-aşkar irqçi, ekspansionist və müstəmləkəçi meyllərlə yüklənmişdi.

 

İranın fars azlığına üstün irq statusunun verilməsi zahirdə çox normal və məsum görünən intellektual/akademik məşğuliyyətə oxşayırdı. İranın və Yaxın Şərqin görkəmli qərb alimləri Qobino kimilərin aryanist quramalarını təkrar işləmiş və onları sırf akademik və elmi biliklər kimi təkrar bərpa etmişlər. Bu biliklər daha sonra yerli elitist/dominant tarixçilər, yazıçılar və ziyalılar tərəfindən mənimsənilmiş və onlardan qeyri-fars, qeyri-aryan icmalarını ölkədəki güc və imtiyaz qaynaqlarından uzaqlaşdırmaq üçün istifadə edilmişdir.»


Alireza Asgharzadeh, Iran and the Challenge of Diversity. Islamic Fundamentalism, Aryanist Racism, and Democratic Struggles. — New York: Palgrave Macmillan, 2007, səh. 77-78.


Comments