Aryanizmdə Möhsün Cahansuz ekolu: Xatirat-e Hitler


«Cahansuzun düşüncəsində irq qavramı əsas rol oynamışdır. Aşağıda müzakirə edildiyi kimi, o, İranın “ali irq” kimi “aryanların” mənşəyinin yurd yeri olduğuna dair inamını açıq şəkildə izah etmək üçün Xatirat-e Hitlerin ön sözündən istifadə etmişdir. Darmesteterin “Mehdi” termininin tarixinə dair kitabının tərcüməsinə yazdığı önsözdə o, bu dini qavrama “iranlı” töhfələri “əbədi iranlılıq (iraniyyət) ruhunun” və “ilk günlərdən bizim [iranlı] irqimizin qəlbinin mərkəzində var olan haqq nurunun” təzahürü hesab etmişdir. Şiəliyə və ya şiə ruhanilərinə açıq-açığına meydan oxumasa belə, bununla da İslama qarşı açıq dünyəvi mövqe tutdu və irq anlayışını bütün mədəni və sosial inkişafın mərkəzinə yerləşdirməklə bu dinin əbədi mahiyyəti ideyasını dolayısı ilə rədd etdi. Cahansuz, üstəlik, İranın yüz illiklər boyu şahidi olduğu ərəb və türk toplumlarının köç hərəkətləri nəticəsində İranın “aryanları”nın mədəniyyətinin və “irqi keyfiyyətlərinin” önəmli ölçüdə tənəzzülə uğradığına qəti inanırdı.

 

1941-ci ildə Rza şahın taxtdan imtinasından sonra Cahansuzun əməlləri millətçi çevrələrdə şöhrətləndi. Məsələn, Əhməd Kəsrəvinin “Pərçəm” qəzetində qrupun keçmiş üzvü Qulaməli Sirus Cahansuzu İran uğrunda canını qurban verməyə hazır olan şəhid kimi göstərmə nəticəsinə gəldi. Onun ölümünün üçüncü ildönümü ilə bağlı xüsusi buraxılışda “Azad” dövri yayını gənc zabitin edamına məsul olanlara tuş gələcək “ilahi qisas” gözlədiyini açıq şəkildə ifadə edirdi. Üstəlik, İranın bəlkə də ən görkəmli nasional sosialisti Davud Münşizadə, belə görünür, Cahansuzun həyatı və düşüncəsi ilə məşğul olmasa da, Daryuş Füruhərin İran Millətinin Pan-İranist Partiyası (Hezb-e Mellat-e İran) Cahansuzu özünün intellektual sələfi hesab edirdi.

 

Bununla belə, Cahansuzun az-çox neytral ötürücü kimi təsvirindən fərqli olaraq, Xatirat-e Hitlerin təqdimatı müəllifin Hitlerin məqsədlərinə, eləcə də onun irqçi nəzəriyyələrinə, ilk növbədə, 19-cu əsrin ikinci yarısında İran millətçi diskursuna daxil olmuş və Rza şahın dövründə millətçi ziyalılar arasında getdikcə populyarlıq qazanmış aryan mifinə rəğbətini təsvir etməyi ilə diqqəti çəkir. Cahansuz ilk səhifələrdə Hitlerin tezislərinin mahiyyəti kimi başa düşdüyü şeyi İrana və onun tarixinə tətbiq edir. İrqlərin bərabərliyini rədd edərək və alman diktatorunun antisemitizmini açıq şəkildə qəbul edərək, o, İranı “ali irqin” nümayəndələri kimi aryanların doğulduğu yer olaraq müəyyənləşdirir. Bu “irq” təkcə “mədəniyyətin ən böyük yaradıcısı” deyil, həm də onun sağ qalmasının yeganə təminatçısı idi. Ancaq, aryanlar ölkə xaricindən gələn bir neçə istila sonucunda öz irqi saflıqlarını itirdikləri üçün mədəniyyət yox olma təhlükəsi altına düşmüşdür. Nasional sosialistlərin hakimiyyətə gəlişi fonunda “Mayn Kampf”ı alman ictimai rəyinin ifadəsi kimi şərh edən Cahansuz, çağdaşı olan almanların da bu narahatlığı bölüşəcəklərinə və aryan hakimiyyətini bərpa etməyə çalışacaqlarına əmin idi.

 

İran örnəyində, Cahansuzun buna nail olmaq ümidləri İranın ucqar dağlıq bölgələrinin və xüsusən də doğma bölgəsi Kürdüstan və qonşu Luristanın sakinlərinə idi. Bu bölgələr, İran şəhərlərindən fərqli olaraq, ərəb, türk və monqol işğalçılarının hücumlarına qarşı asan müdafiə olunduğundan, yerli əhali tarixin gedişatından təsirlənmədən sağ qala bilmişdi. Bununla, – deyə Cahansuz iddia edir ki, onlar dağlardakı təmiz havadan da yararlanıblar ki, bu da onların anatomiyasının inkişafına müsbət təsir göstərib. Özünün Kürdüstan mərkəzli irqçi vətənpərvərliyini, İran millətçiliyinin iki ilkin və ola bilsin ən nüfuzlu tərəfdarlarından olan Mirzə Fəthəli Axundzadə və Ağa Xan Kirmaninin yazılarında artıq mövcud olmuş, qədim İranın ideallaşdırılması ilə birləşdirərək, Cahansuz, Bisütun və Tağ-e Bostanın Əhəməni və Sasani abidələrini öz nəzəriyyələrinə dəlil kimi təqdim edirdi. Onun fikrincə, Cahansuzun doğulduğu Kirmanşahın birbaşa yaxınlığında yerləşən bu relyeflərdə təsvir olunan fiqurlar yerli əhalinin real surətləri idi. O, bu icmanın öz üstün xüsusiyyətlərinə görə qədim İran imperiyalarının uğurlu genişlənməsinə cavabdeh olduğuna əmin idi.»

 

Leonard Willy Michael, National socialist propaganda in late Reza-Shah Iran: the case of Khaterat-e Hitler by Mohsen Jahansuz. // British Journal of Middle Eastern Studies. UK: Routledge, 2021, səh. 4-5, 6, 11-12.


Comments