- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
«1933-cü il
Almaniyada Nasional Sosialist Partiyasının hakimiyyətə gəlməsinin şahidi oldu.
İranla uğurlu ticarət əlaqələrini nəzərə alan və Rza şahın faşist meyllərini dərk
edən nasist rəhbərliyi İranda bütün siyasi, sosial və iqtisadi sahələrdə
Almaniyanın təsirini artırmağa çalışırdı. Hələ 1933-cü ildə nasistlər İran-e
Bastan [Qədim İran] adlı irqçi dərgi nəşr etməyə başladılar. Dərgi
Siemens-Schuckert tərəfindən maliyyələşdirilir və redaksiya məsələləri ilə Berlindəki
NADPA-nın Siyasi Departamentindən mayor fon Viban məşğul olurdu. Şeyx Əbdül-Rəhman
Seyf adlı nasistyönlü İran ziyalısı dərginin həmredaktoru işləyirdi.
İran-e Bastan
İran elitası və ziyalıları arasında fars irqçiliyinin təbliğində çox mühüm rol
oynadı. Bu, fars millətçilərinin aryan olaraq görmədikləri hər kəsə qarşı
şovinist hücuma keçmələri üçün başlanğıc nöqtəsi oldu. Nasist dərginin ardınca
İranşəhr, Mehr-e İran [İran Sevgisi], Pərtov-e İran [İran Şüası], Anahita, Təxt-e
Cəmşid [xəyali qədim fars şahı Cəmşidin taxtı] kimi hər cür şovinist dövri
yayınlar, dərgilər və qəzetlər fars ədəbi səhnəsində hökmranlıq edirdi. Bütün
bu yayınlar fars millətinin keçmişini və İslamdan qabaqkı şöhrətini vurğulayır
və İranın geriliyində guya “vəhşi ərəbləri və türkləri” suçlayırdı.
1936-cı ildə
Almaniyanın maliyyə naziri və Reyxsbankın prezidenti Dr. Yəlmar Şaxt Rza şahı
ziyarət etdi. Bir il sonra İran məclisinin sədri Həsən İsfəndiyari Berlinə səfər
etdi və Hitler, Görinq, Şaxt və digər nasist partiyası üzvləri tərəfindən səmimi
qarşılandı. 1937-ci ilin sonlarında Rza şahı Nasist Gənclər Təşkilatının rəhbəri
Baldur fon Şirax ziyarət etdi. Onun vasitəsilə Hitler Rza şaha Almaniyaya səfər
üçün dəvətnamə göndərdi. Rza şah belə bir səfərin rusları və ingilisləri
narahat edə biləcəyindən qorxaraq imtina etdi. Elə həmin il (1937) Rza şah
Almaniyanın Lufthansa şirkətinə Berlini Tehran və Kabillə əlaqələndirmək üçün
İranın quzey sektoru boyunca sərnişin, yük və poçt daşımağa konsessiya verdi.
Rza şah hətta Lufthansaya Məşhəddəki mühüm hərbi hava limanına eniş icazəsi
verməyə qədər vardı.
Nasistlər İran
elitası arasında faşist və irqçi təbliğat yaymaq üçün əlverişli mühit tapdılar.
Nasist təbliğat maşını “iki millətin” (guya) ortaq aryan mənşəyini dəstəkləyirdi.
İrqçilik meyllərini daha da inkişaf etdirmək üçün 1936-cı ildə Reyx Nazirlər
Kabineti iranlıları “safqanlı aryanlar” olduqlarını əsas gətirərək Nürnberq
irqi qanunlarının məhdudiyyətlərindən azad edən xüsusi fərman verdi. 1939-cu
ildə nasistlər farslara Alman Elmi Kitabxanası dedikləri şeyi təqdim etdilər.
Kitabxana “İran oxucularını... Nasional Sosialist Reyxlə İranın “aryan mədəniyyəti”
arasında qohumluğa inandırmaq üçün” diqqətlə seçilmiş 7500-dən çox kitabı
ehtiva edirdi. Nasistyönlü müxtəlif yayınlarda, məruzələrdə, çıxışlarda və mərasimlərdə
bu liderlər arasında xarizmatik oxşarlıqları vurğulamaq üçün Rza şah, Hitler və
Mussolini arasında paralellər aparılırdı.
Rza şah rejimi
nasist mühazirəçilərinin irq, etnik mənsubiyyət, mədəniyyət və tarix mövzusunda
çıxışlar etmək üçün dəvət olunduğu konfranslara sponsorluq etməyə başladı. İran
ziyalıları arasında nasist meylləri nümayiş etdirənlər titul və fəxri adlarla təltif
edilirdilər. Rza xan rejimi svastika simvolunu İranda daimi incəsənət bəzəyi
kimi qəbul etməyə qədər varmışdı.»
Alireza
Asgharzadeh, Iran and the Challenge of Diversity. Islamic Fundamentalism,
Aryanist Racism, and Democratic Struggles. — New York: Palgrave Macmillan,
2007, səh. 91-92.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment