Məşrutənin aqibətini təyin edən ingilis-rus diplomatiyası

Sərdar Əsəd və Yeprem Davidyan

«İngilis diplomatiyası tərəfindən paytaxtdakı inqilabın açıq şəkildə təşviq edilməsi və ingilis hökuməti tərəfindən subsidiya olunan Linç ticarət evinin quraşdırdığı bəxtiyarilərin Tehrana yürüşü ilə qızışan “ortaq notalar və dostca məsləhətləri” və konstitusiyanı bərpa etmək vədinin xatırladılmalarını ardı-arası kəsilmədən başından eləməkdən usanan şah, 1909-cu ilin fevralında Rusiya və İngiltərə nümayəndələrinə, böyük dövlətlər onun taxtına, canına və ailəsi ilə mülkünün toxunulmazlığına zəmanət verərlərsə, konstitusiya və məclis verməyə hazırlığını bəyan etdi. [Böyük] dövlətlərin nümayəndələri qeyri-müəyyən cavab verdilər (Tehrandan “Novoye vremya”nın 5 fevral tarixli teleqramı).

 

Siyasi yöndən yalqız, güclü xarici və daxili düşmənlərlə əhatələnmiş, sadiq və sınanmış dostu olduğu ölkənin nümayəndəsinin hər hansı bir dəstəyi olmadan şah, nəhayət, qeyri-bərabər mübarizəyə tab gətirə bilmədi və 26 aprel 1909-cu ildə konstitusiyanı tam həcmdə bərpa etdi, 28 apreldə isə bütün siyasi düşmənlərinə tam əfv bağışladı. Quzeydən ona Sipahdar və Yepremin başçılığı ilə yaxınlaşan inqilab, onun manifestlərinə Qəzvinin ələ keçirilməsi və sadiq müdafiəçilərinin və xidmətçilərinin edamı ilə cavab verdi.

 

Artıq konstitusiyalı olan monarxa qarşı bu üsyan aktının ardınca dərhal, Linç ticarət evinin pulları ilə təchiz edilmiş və – orqanlarından biri “Daily Telegraph”ın apreldə hərfiyyən belə yazdığı: “Bəxtiyarilər dostlarımızdır... Onlar tədricən irəliləyirlər və İranda, onlar öz məqsədlərinə çatsalar və nəhayət, bu ölkədə nizamı bərpa etsələr, rahatlıq hiss etməyəcək az adam tapılar. Bu bir qədər cəsarətli təhrik kimi görünə bilər, ancaq, hər hansı bir çıxış yolu hazırda İranda hökm sürən xaosdan daha yaxşıdır” (25 fevralı №-dən) – ingilis mətbuatı tərəfindən mənəvi olaraq dəstəklənən Samsam-üs-Səltənə və Sərdar Əsədin bəxtiyariləri də güneydə İsfahandan baş qaldırdılar.

 

İranda qanuni hakimiyyətin ləğvinə yönəlik bu inqilabi idman növündə biz də geri qalmadıq: 20 aprel tarixlərində Təbriz divarları yaxınlığında general Snarskinin dəstəsinin peyda olması bu inqilabçı mərkəzi şahın mühasirə korpusu tərəfindən alınmaqdan xilas etdi və vaxtilə ingilis mətbuatı və İcmalar palatasında keçənilki çıxışlarından birində ser Qrey tərəfindən təsdiqləndiyi kimi, İran inqilabına mühasirədən qurtulan bu şəhərin istehkamından yeni qüvvələr təmin etdi.

 

Qalanı bəllidir və hər kəsin yaddaşında təzədir: inqilabın paytaxta doğru qalibiyyətli irəliləyişi, Tehranın özündə kazak briqadasının bölüyünün intizamsız və qurama müqaviməti və mükəmməl təlim keçmiş, intizamlı və silah-sursatda çox böyük üstünlüklərə malik olan hərbi hissənin sayca əhəmiyyətsiz və artilleriyadan məhrum bir düşmənə rüsvayçı təslimiyyəti və bir epiloq olaraq, şahın, darvazalarının gerisində, sırf bu hadisə üçün süni olaraq qurulmuş müttəfiq diplomatiyası və tayı-bərabəri olmayan bir fiksiyaya görə, ingilis-rus diplomatiyasının icazəsi ilə Sipahdar, Sərdar Əsəd və Yeprem tərəfindən azyaşlı vəliəhdin başına qoyulan tarixi “Tac-i Kəyan” tacını tərk edib getdiyi Sultanabaddan rus missiyasına köçməsi.»

 

Скиф, Персидский вопрос. Англо-русское соглашение, его основные принципы и цели и пятилетние итоги. — Москва: Типография А.А. Стрельцова, 1912, səh. 14-15.


Comments