Stalinlə görüş



«1 dekabr 1943-cü ildə, o vaxtkı supergüclərin üç başçısı, Britaniyadan Uinston Çörçill, ABŞ-dən Franklin D. Ruzvelt və Sovet İttifaqından İosif Stalin İranın paytaxtında zirvə toplantısı üçün Tehrana gəldilər.

Sovet səfirliyində baş tutan görüş zamanı İranın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə hörmət etməyi öhdəliyə götürmək barədə Tehran Bəyannaməsini imzaladılar.

Məhz bu zirvədə İkinci Dünya Savaşı dövründə İran “Zəfər Körpüsü” olaraq xarakterizə edilmişdi, lakin bu, İranı sakitləşdirmək məqsədini daşımırdı, sadəcə olaraq dünyaya Sovetlərin ABŞ-ın İrandan keçən yardımı olmadan almanları məğlub edə bilməyəcəyini anlatmaq üçün idi. Tehranda olduqları müddətdə Çörçill və Ruzvelt Məhəmməd Rza ilə görüşə bilmədilər, ancaq Stalin şəxsən onu çağırdı.

Əhməd Əli Sepehr bu görüşü koordinasiya etmişdi. O, Məhəmməd Rza hakimiyyətinin ilk illərində görkəmli rol oynayanlardan idi. Konfrans ərəfəsində bir səhər Sepehr mənə zəng etdi və təcili görüş istədi. Heç bir tərəddüd etmədən onun köhnə, lakin böyük evinə getdim. Bütün gecə Sovet səfirliyi ilə əlaqə saxladığını və səfirlə bir neçə dəfə görüşdüyünü söylədi.

“Səfirdən Stalini şahla görüşə dəvət etməsini xahiş etdim. Çörçill və Ruzvelt İrana planlaşdırılan səfərlərində şahla görüşməyi gözləmədikləri üçün Stalinin şahla görüşmək təşəbbüsü əlahəzrəti çox xoşhal edərdi” deyə əzmlə bildirdi.

Dedi ki, Stalinlə məsləhətləşmələrdən sonra səfir ona İran hökmdarı ilə görüşmək istəyi barədə məlumat verib. Sepehrə görüş zamanı sarayda yalnız Sovet təhlükəsizlik işçilərinin olması şərti ilə iclasa hazırlıq işləri görülməsi tapşırılmışdı.

Sepehrin ismarıcını Məhəmməd Rzaya çatdırdım. Bu xəbərdən fərəhlənən Şah təhlükəsizlik rəisinə tabeçiliyində olanların hamısını saraydan geri çəkməyi əmr etdi.

Hər şey bir saat kimi getdi. Stalinə şah tərəfindən sarayında qırmızı xalçalı qarşılama təşkil edildi və hər ikisi tarixi görüşdən məmnun olduqlarını dilə gətirdi. Görüş təxminən yarım saat davam etdi və sonunda xatirə şəkilləri üçün kameramanlara poza verdilər. Məhəmməd Rza Stalinin dostyana addımını həmişə xatırlasa da, görüş Sovet qoşunlarının İrandan erkən çıxarılmasına səbəb olmadı.

Sepehr getdikcə mənimlə mehribanlaşdı. Bir gün mənə açıqca dedi: “Sovetlərlə əlaqələr qurma səlahiyyətim var, amma çoxdan bəri britaniyalılarla əlaqə saxlayıram. Sovet səfirliyində bəzi dostlarım var və britaniyalılar bundan məmnundurlar. Əslində mən iki səfirlik arasında vasitəçiyəm”.

Sepehrin Şeyx Hüseyn Lənkərani adlı bir dostu var idi. Adətən o, insanlar üçün moizə oxuyurdu. Bir dəfə Sepehr məni nəzakət görüşü üçün Lənkəraninin evinə apardı. Lənkərani məni qarşıladı və rahat məqamlarda onunla görüşməyin yaxşı olduğunu dedi. Tudəçi olan qardaşı onunla yaşayırdı, amma mənim qabağımda görünməsini istəmirdi.

Tədricən Sepehr və Lənkərani, siyasi məsələləri müzakirə etmək və eyni zamanda şəxsi imiclərini yaxşılaşdırmaq üçün Məhəmməd Rza ilə görüşməyə gəldilər. Lənkərani daha sonra Qəvamı zəiflətmək üçün Məhəmməd Rizanı Sepehrin Qəvam kabinetinə daxil edilməsini tövsiyə etməyə vadar etdi. Sepehrin Qəvamı hakimiyyətdən birdəfəlik uzaqlaşdıra biləcəyini gözləyirdi. Məhəmməd Rza təklifi qəbul etdi və Sepehr nazir vəzifəsinə gətirildi, lakin Qəvamı əvəz edə bilmədi, çünki sonuncu önləyici bir jestlə Sepehri işdən qovdu və İranın mərkəzindəki Kaşana sürgünə göndərdi.»

 

Hussein Fardust, Ali Akbar Dareini, The Rise and Fall of the Pahlavi Dynasty: Memoirs of Former General Hussein Fardust. — Delhi: Motilal Banarsidass Publ., 1998, səh. 57-58.


Comments