Osmanlı-kürd birliklərinin Urmiya basqını, yanvar-aprel 1915-ci il



Bəhs edilən hadisələr Birinci Dünya Savaşının gedişində Osmanlı dövlətinin Təşkilat-i Məxsusə zabitlərinin rəhbərliyində kürd qəbilələrinin Urmiya və ətraf bölgələrdəki fəaliyyəti dövrünü təsvir edir: 

«Osmanlı və kürd sünnilər faktiki olaraq Urmiyanın şiə-afşarları və Sulduzun (şiə) qarapapaq tayfası ilə, hər ikisi 1918-ci ildə öldürülmüş nəsturilərin (patriarxı) Mar Şimuna və ya fransız katolik yepiskopu Sontaq əfəndiyə olandan daha yaxşı davranmırdılar. Panislamist osmanlı-iranlı birliyi layihəsi bütün ortodoksların [sünnilərin] bir rafizi vurmaq meylinə müqavimət göstərə bilmirdi.»

La politique orientale de l'Allemagne. // Revue du monde musulman. Tome 54. ― Paris: Ernest Leroux, 1923, səh. 136.

Yuxarıdakı hadisələr Təşkilat-i Məxsusəyə bağlı olan Ömər Naci bəyin müfrəz qüvvələrinin zabiti olaraq Güney Azərbaycana gələn Rəşid bəyin raportunda da təsdiqlənir:

«Bu əsnada “Banda və İran Qəbilələri Komandanı Rəşid”, Daxiliyə Nəzarətinə Rayətdən göndərdiyi teleqrafda şahid olduğu mənfilikləri sadalayır. “Ümumi yağma etmək üsulunu ilk dəfə Urmiyaya girdiyi” vaxt görmüş, Urmiya küçələrində iyirmi-otuz yağmaçı əsgərə rast gəlmiş, Osmanlı şövkət və ədalətini göstərərək “yağmaçılığı” özü aradan qaldırmış və Urmiyanı bundan qurtarmışdır. Osmanlı məmur və əsgərlərinin “irtikab və zülmlər” etmələrini əngəlləməyə çalışmış, ancaq uğurlu ola bilməmiş, məhkum və hücuma məruz qalmışdır. Bu hal ilə nə din qardaşlığı, nə də İslam birliyi qurula bilməyəcək, ordu da müzəffər ola bilməyəcəkdir. Dövlətin və dinin səlaməti adına istər hərbdə xəyanət, istərsə də idari işlərdə “irtikab-i zülm” edənlərin ortaya çıxarılaraq cəzalandırılmaları üçün sürətlə divan-i hərb qurulmalıdır.»

Ahmet Tetik, Teşkilat-ı Mahsusa (Umûr-ı Şarkıyye Dairesi) Tarihi. Cilt I: 1914-1916. — İstanbul: İş Bankası Kültür Yayınları, 2014, səh. 233-234.

Rəşid bəyin bu raportundan sonra Van valisi Cövdət bəy tərəfindən ona qarşı qarayaxma kampaniyası başladılmış və nəticədə Rəşid bəyə bölgəyə girməmək əmr edilmişdir. Van valisi Cövdət bəy həm də Nurçuluğun qurucusu Səid Nursinin yaxın dostu və tələbəsi idi.




Comments