Qacarlar rus-ingilis maliyyə məngənəsində

 

«Məsələ burasındadır ki, 1892-ci ildə Londonda edilmiş böyük İran istiqrazından sonra şah xəzinəsi İngiltərədən borc asılılığına düşmüşdü. O andan etibarən İran hökumətinin davamlı maliyyə böhranları zolağı başladı. Yaranmış vəziyyətdən çıxış yolu axtarışında İran hökuməti 1895-ci ildə Rusiyadan istiqraz etməyə dair danışıqlara başlasa da, 1896-cı ildə Nasirəddin şahın öldürülməsi ilə əlaqədar dayandırıldı. Ancaq 1895-1896-cı illərdə Rusiyadan böyük istiqraz üçün aparılan danışıqlar hələ ki, nəticəsiz qaldısa da, [Rusiya] Dövlət bankının mülkiyyətinə keçdikdən sonra İran hökumətinə müntəzəm maliyyə dəstəyinə yönəlmiş xətt tutan [Rusiyaya aid] İran İstiqraz bankında dərhal qısamüddətli kredit açıldı. Şah xəzinəsinə ilk ssuda İstiqraz bankı tərəfindən 1895-ci ilin may-iyun aylarında 100 min tümən məbləğində bir il müddətinə “Tehran zərbxanasının vekselinə qarşı avans şəklində” verildi. Borcunu vaxtında bağlaya bilməməsinə və ssudanın ödənişinin iki il uzanmasına baxmayaraq, 1896-cı ildə İran İstiqraz bankı, şahın Tehrandakı Rusiya diplomatik nümayəndələri tərəfindən dəstəklənən yeni xahişini yerinə yetirdi və şah xəzinəsinin 156.390 tümən məbləğində qısamüddətli veksellərini (bəratlarını) altı ay müddətinə maliyyələşdirdi. 

Nasirəddin şahın ölümündən sonra İran hökuməti İngiltərə və ya Rusiyadan istiqrazdan yayınmaq üçün bir qrup hollandiyalı və fransız bankirin köməyi ilə istiqraz etmək cəhdləri etdi, lakin fransız hökumətinin dəstəyini almadı və istiqraz reallaşmadı. Bu uğursuzluq yeni şahı 1898-ci ilin fevralında İran körfəzi sahilinin gömrüklərinin girovu qarşılığında 50 min funt sterlinq məbləğində aldığı yeni ssuda üçün ingilis İran Şahənşahi bankına (Imperial Bank of Persia) müraciət etməyə məcbur etdi.

Ssudanın müddətinin tükənməsindən sonra İngiltərə hökuməti şahın maliyyə çətinliklərindən istifadə etmək qərarına gəldi və yalnız son ssudanın deyil, əks təqdirdə, İran gömrükləri üzərində nəzarəti altı il uzadacağı ilə təhdid edərək əvvəlki istiqrazlardan qalan 150 min funt sterlinq borcların da dərhal ödənilməsini tələb etdi. İran hökuməti kritik bir vəziyyətdə qaldı. Doğrudur, 1898-ci ilin payızında şah İran İstiqraz bankından yeddi İran quzey gömrüyünün və Xəzər dənizindəki balıqçılıq vətəgələrindən alınan icarə pulu ilə təmin edilmiş 1,5 milyon rubl dəyərində yeni ssuda almağa müvəffəq oldu, lakin, bu məbləğ ingilis borcunun ancaq qismən bağlanmasına sərf edildi və İran hökuməti böyük istiqraz axtarmağa davam etmək məcburiyyətində qaldı. İngiltərə ilə danışıq cəhdləri tamamilə uğursuzluqla nəticələndi: Londonda İrana yeni borc verməyə hazır idilər, ancaq yalnız təhkimçi şərtlər altında – ölkənin güney gömrükləri üzərində tam və dərhal nəzarətin yaradılması.

1899-cu ilin payızında İran hökuməti Rusiyaya yeni uzunmüddətli istiqraz xahişi ilə üz tutdu. 1900-cü il 17/30 yanvar tarixində İran hökuməti ilə İran İstiqraz bankı arasında 22,5 milyon rubl məbləğində 5 %-lik qızıl istiqrazı haqqında müqavilə imzalandı. İstiqraz faizlərin və borcun ildə iki dəfə – 1 yanvar və 1 iyul tarixlərində ödənməsi ilə 75 il müddətinə hesablanmışdı. İstiqraz üzrə ödənişlər, Farsın və İran körfəzinin gömrükləri istisna olmaqla, ölkənin bütün gömrük gəlirləri ilə təmin edilirdi, özü də, ödənişlər üçün zəmanət verilən bütün gəlirlər ilk növbədə İstiqraz bankına verilməli idi və yalnız tələb olunan məbləğ bankın lehinə çıxıldıqdan sonra qalıq İran hökumətinin sərəncamına verilirdi. İran gömrüklərinin gəlirləri istiqrazlar üzrə ödəmələri təmin etmədiyi halda, banka, onların mədaxillərinə nəzarət etmək, son həddə isə, onlara birbaşa nəzarət etmək hüququ verilirdi. İstiqrazın əsas şərtlərindən biri, İran hökumətinin İngiltərə qarşısında borc iltizamını bunun hesabına ləğv etmək və indən belə Rusiyanın razılığı olmadan heç bir yerdən yeni uzunmüddətli istiqrazlar imzalamamaq məcburiyyəti idi.»


Ананьич Б. В., Учетно-ссудный банк Персии в 1894—1907 гг. // Труды Ленинградского отделения Института истории. Вып. 4. М.; Л., 1962. С. 274—314, səh. 278-279.


Comments