Rusiyanı Azovda əngəlləyən Nadir şah idimi?


Çar Rusiyası dövründə Tiflisdə çıxan “Kavkaz” qəzetinin 1853-cü ilin iyununa aid №41 buraxılışında Nikolay Dunkel-Vellinqin “Xəzər dənizində Rusiya hökmranlığının bərqərar olması” başlıqlı məqaləsində 1739-cu il Niş anlaşmasının nəticəsi olaraq Rusiyanın Azovda hərbi gəmi saxlamasına qoyulan qadağaya Nadir şahın səbəbkar olduğu deyilir:

«Bu zaman İranda yalnız yalnız Şərqə xas və mümkün olan çevriliş baş verdi. Sıravi bir adam, çoban Nadir İran taxtını ələ keçirdi. O, silah gücü ilə Rusiya ilə bağlanmış anlaşmanı pozdu və sərhədlərini ilkin torpaqlarınacan qaytardı, Osmanlını Rusiyaya qarşı qızışdıraraq Azov dənizində bir dənə də olsun rus gəmisinin qalmamasını tələb etdi; Xəzər dənizi vasitəsilə Şərqlə ticarət üçün kommersiya kampaniyası təşkil etməkdən ötrü dəvət olunan ingilislər Nadirin tərəfinə keçdilər. Bu dövrdə İran, Rusiyanın keçmiş mülkləri ilə bitişik olan hissələri istisna olmaqla, Xəzərin yiyəsi idi. Nadir çoxlu gəmilər düzəltmişdi. Və beləcə, Xorasan çobanı tərəfindən, qısa müddətə də olsa, Böyük Pyotrun ucaltdığı nəhəng bir bina dağıdılmışdı.»

1696-cı ildə Pyotr Rusiyası Azaq (Azov) qalasını tutmuş, əlavə olaraq Tanqanroq qalasını da tikmişdi. Azovda Rusiyanın açıq dənizlərdə ilk hərbi donanması və bazası qurulur, ancaq 1711-ci ildə Osmanlıya yenilərək Azovdan çıxmalı olur. Ruslar Azov-Xəzər-Baltik arasında ticarət qovşağı qurmaq istəyirdilər. 1735-39-cu il Osmanlı-Rusiya savaşının gedişində 1736-cı ildə ruslar Azovu tuturlar. Ruslar 1735-ci il Gəncə anlaşmasının şərtlərinə görə Nadir şahdan Osmanlıya savaşmağı xahiş etsələr də, Nadir şah Osmanlı ilə davam edən savaşını zəfərlə bitirərək Azərbaycan torpaqlarını və Qafqazın əskidən bəri qızılbaşlara tabe hissələrini azad edib 1736-cı ilin payızında barış anlaşmasını imzalayır. Osmanlı ilə savaşın gedişində Rusiyanın müttəfiqi Avstriya uğursuzluqlara düçar olur və Belqrad anlaşması ilə Osmanlı ilə sülh bağlayır. Beləliklə Rusiya meydanda tək qalır, nəticədə 1739-cu ilin Niş anlaşması imzalanır. Bu barış anlaşmasının nəticəsində Rusiyanın Azovda ticari liman sahibi olmasına icazə verilsə də, hərbi gəmi saxlamağı və qala tikməyi qadağan olunur, ruslar Krım və Moldova da daxil olmaqla Qara dəniz sahili torpaqlara iddialarından imtina edirlər. Rusiya Azova bir də yalnız 1769-cu ildə qayıda bilir.
Nadir şah Afşarın Niş anlaşmasındakı rolunu araşdırmağa ehtiyac var. Məhz onun hərbi və diplomatik bacarığı sayəsində Türküstanın, Qafqazın və Qara dənizin Rusiya tərəfindən işğalı bir neçə on illik gecikdirilə bilmişdi. Onun Şərqi Türküstanı cunqarlardan qurtarmaq üçün Çin səfəri hazırlığını da diqqətə alanda, gördüyü və ömrü vəfa etmədiyi üçün yarım qalan böyük layihəsinin bütünlükdə sonrakı müstəmləkə işğallarının taleyini dəyişdirə biləcək nəhənglikdə olduğunu başa düşürük.

Н. Дункель-Веллинг, Утверждение русского владычества на Каспийском море. // Кавказ, № 41. — Тифлис, 1853, 3 Июня.

Comments